İki baş redaktora hökm oxundu: hədə-qorxu ilə pul tələb etməkdə suçlanırdılar

“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov və “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"İç xəbər" xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutub.
Noyabrın 2-də reallaşan məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Əfqan Sadıqov 7 il müddətinə azadlıqdan məhrum edilib. S.Muradov barəsində isə şərti cəza təyin edilib.
Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə cari il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.
Məlumatda bildirilir ki, onlar vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanıb və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.
Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf etmiş, bundan başqa onların törətdikləri cinayət əməllərinə dair əməliyyat-texniki tədbirlər nəticəsində sübutlar əldə edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Ə.Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, S.Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Əfqan Sadıqov elan edilmiş ittihamla özünü təqsirli bilmir.