Bakıda həbsdə olan müxalifət lideri Tofiq Yaqublunun azad edilməsi tələbilə aksiya keçirilib.

Bakıda həbsdə olan müxalifət lideri Tofiq Yaqublunun azad edilməsi tələbilə aksiya keçirilib.
Hadisə yerində olan müxbirimiz bildirir ki, Tofiq Yaqublunun qızı Nigar Həzi, fəallar Rəbiyyə Məmmədova, Fatimə Mövlamlı, Gülnarə Mehdiyeva, Vəfa Nağı və bir neçə nəfər başqa qadın və kişi də saxlanıb.
Yerli media, ümumilikdə, 30-a yaxın şəxsin saxlandığını xəbər verir.
Lakin polis saxlanılan və həbs edilənlərin olmadığını bildirib.
Bakı Şəhər Polis İdarəsinin yaydığı məlumata əsasən, "qanunsuz küçə yürüşünə" cəhdin qarşısını alınarkən, "iştirakçılar ərazidən uzaqlaşdırılmışlar".
Jurnalistlərə müsahibə verən sıravi vətəndaşları da uzaqlaşdırırlar, müxbirimiz deyir.
"Zor tətbiq edilir", müxbirimiz qeyd edib.
Azərbaycan prospekti qismən bağlanıb.
"Tofiq bəyə azadlıq!" şüarları səsləndirilib.
Müxbirimiz xəbər verir ki, Konstitusiya Məhkəməsinin önündə başlamalı olan aksiyadan təxminən bir saat əvvəl hadisə yerində polislər, mülki geyimlilər, zirehli maşınlar və polis maşınları gözə dəyib.
Bundan başqa, Sabir bağı boşaldılıb, insanların parkda oturmasına icazə verilməyib. Polis bunu "dövlət tədbirinin keçirilməsi ilə əlaqədar rəhbərliyin əmri" kimi izah edib.
Bir nəfər NİDA-çı saxlanıb və bir qadın uzaqlaşdırılıb, hadisə yerində olan müxbirimiz bildirib.
Tofiq Yaqublu 8 gündür ki, haqqında 4 il 3 ay həbs cəzası qərarı verilən məhkəmə prosesindən sonra, aclıq aksiyası edir.
Qərar barədə apellyasiya şikayəti verilib.
O xuliqanlıqda ittiham olunub. Tofiq Yaqublu ittihamları rədd edib.
Bir sıra hüquq müdafiəçiləri azərbaycanlı fəalın həbsini müxalifətə qarşı yönələn növbəti təzyiq kimi dəyərləndiriblər.
Azərbaycan hökuməti siyasi motivli həbslər barədə iddiaları dəfələrlə rədd edib.