Mirşahin Ağayev : Öz "hörmətimizi" yox, öz dövlətimizi qorumaq vaxtıdır
“Diqqətli və sərvaxt olmağımız çox vacibdir. Bu gün məsələ müqəddərat məsələsidir. Xahiş və tələb edirəm: Dövlət maraqlarını təhlükəyə atan, camaatı çaşdıran, panikaya salan paylaşımlar edilməsin. Hərbi mövzularda yazanlar ilk növbədə özlərinin bu sahədə nə qədər səriştəli olduqlarının fərqinə varsınlar. Ordu, döyüş, hərbi mövzulara yalnız ciddi, peşəkar, ixtisslaşmış analitiklər müraciət etsinlər. Son dərəcə ciddi dönəm yaşayırıq. Gözlənilmədən kəskin siyasət janrına keçən ənənəvi yengə-toy formatlı boşboğazlar anlasınlar ki, bura onların yeri deyil. Yaxşısı budur, öz gəlinlərinə xına yaxıb, bəylərinə ciyər axşamı təşkil etsinlər!”
Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
“Dezinformasiya, şayiə, hərbi mövzularda düşük statuslar paylaşan zərərli-kompleksli çatışmazlara dərhal yerini göstərək! Bunu bizim yerimizə başqası etməyəcək! Hər bir şübhəli halda Xüsusi Xidmət Orqanlarına müraciət edin. Məlumatlarınızı DTX-nın səhifəsinə yönəldin. Demokratiya, söz, fikir azadlığı adı altında ölkədə xaos yaratmağa çalışanlar var. Milli Məclisin binasına soxulan, polis maşınlarını çevirən qaragüruh sübut etdi ki, onların belə azğınlaşmasına səbəb bizim rahat, arxayın susqunluğumuzdur. Bu qara, əzələ kontingenti bəlkə də dövlət çevrilişini məşq edirdi. O gecənin qaranlığı altında yatan çox mətləblər var və onlar sağdış mirzələri və mələfə müfəttişlərinin başı üçün deyil. Biz belə cızmaqaraçıları, şəbəkə şarlatanlarını layiq olduqları yerə, başları çıxan mövzulara endirməliyik. Sosial şəbəkələr dəyərləri, qiymətləri qarışdırıb. Burda sahmanı biz yaratmalıyıq.
Mətbuat rəhbərləri!
Öz "hörmətimizi" yox, öz dövlətimizi qorumaq vaxtıdır. Bu gün "hörmətimizi" qorumaq barədə düşünsək, dövlətimiz olmayacaq! Amma dövlətimizi qorusaq, dövlətimiz də olacaq, hörmətimiz də! Hamımıza güc, təpər, məsuliyyət arzulayıram!” – M.Ağayev qeyd edib.










