Bazarda qiymətlər bahalaşıb

“8-ci kilometr” bazarında daha çox alma və üzüm satılır. Eyni zamanda artıq nar da satışa çıxarılıb. Satıcılar bildirdilər ki, bu il ötən illərlə müqayisədə meyvə sarıdan bolluq yaşanır. Belə ki, bir neçə gündür ki, bazara çıxarılan narın kiloqramı 50-70 qəpiyə satılır. Göyçay narının kiloqramı isə 1 manatadır. Satıcılar bildirdilər ki, bazara çıxardıqları öz məhsullarıdır. Ona görə də müştəri çox alış-veriş edərsə, qiymətdə müəyyən qədər endirim edirlər.
Bazarda Salyan üzümünün 1 kiloqramı 1 manata satılır. Ancaq 60-70 qəpiyə də üzümlər tapmaq mümkündür. Quba almasının kiloqramı 40 qəpik-1 manatadır. Göy və nisbətən xırda almaların 3 kiloqramını 1 manata satırlar. Qırmızı iri almaların kiloqramı isə 1 manata və yaxud da 1 manat 50 qəpiyədir. Bazarda ən çox satılan sadaladığımız meyvələrdir. Ancaq moruq, çiyələk, zoğal kimi meyvələrə də rast gəlmək olur. Bazarda zoğalın 1 kiloqramı 2-4 manata satılır. Çiyələk və moruğun vedrəsi (təxminən 1 kiloqram və ya bir qədər artıq) 5 manata satılır.
Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, həftəiçi olmasına baxmayaraq, bazarda alıcı sayı normaldır. Satıcı Kamran bildirdi ki, hər il payız aylarında bazarda meyvələrin qiymətində bir qədər ucuzlaşma olur: “Bu yay meyvə çox baha oldu. Ancaq tərəvəzin qiyməti normal idi. Adətən payız aylarında çıxan meyvələr bazarda ucuz satılır. Çünki əksəriyyəti öz məhsulumuz olur. Həyətdən yığıb, burada satışa çıxarırıq. Yay meyvələrinin çoxunu xaricdən mal gətirən satıcılardan alırdıq. Ona görə də qiymət baha olurdu. Hazırda bazarda meyvələr ucuzdur, ancaq tərəvəzlər bahalaşır. Pomidor, xiyarın qiymətində bahalaşma var. Bu da hər il belə olur. Narın, almanın mövsümüdür. Bu meyvələrin qiymətində ucuzluq olacaq”.
Bazarda müşahidə etdik ki, hər bölmədə aktivlik var. Yalnız ət satılan hissədə müştəriyə rast gəlmədik. Bu hissədə işləyən satıcılar bir-biriləri ilə domino oynayıb, söhbət edirdilər. Ətləri isə ipdən asılı qalmışdı...
Alıcılar bildirdilər ki, hazırda bazarda meyvələrin qiymətlərindən razıdırlar. Söylədilər ki, kartof və soğanın qiymətində artım var: “Kartofun kiloqramı 80 qəpik-1 manatadır. Soğanın qiyməti isə qırmızı soğan 1 manata, digərləri isə 50 qəpiyə satılır. Mağazada bazardan ucuzluqdur”, - deyə söhbət etdiyimiz alıcılar bildirdilər.
Bazardan çıxdıqdan sonra elə yaxınlıqda yerləşən iri supermarketlərdən birinə yollanıb, qiymətlərlə maraqlandıq. Öyrəndik ki, mağazada mövsümi meyvələr bazarla müqayisədə bahadır. Belə ki, mağazada narın 1 kiloqramı 1 manat və ya 1 manat 50 qəpik, alma növündən asılı olaraq 1 manat 75 qəpik-2 manat 5 qəpiyə satılırdı. Mağazada kartof 70 qəpik, soğan isə 39 qəpiyə idi. Müşahidə etdik ki, tərəvəzlərin qiyməti baxımından mağazalarda ucuzluqdur.
Meyvələr isə bazarda daha ucuz idi. Müştərilər bildirdilər ki, bazara getməyə maşın tapan zaman bazardan alış-verişə üstünlük verirlər. Çünki bazarda satıcılarla danışıb, qiyməti endirmək olur. Mağazalarda isə bu, mümkün deyil. Həm mağazalarda, həm də bazarda olduğumuz zaman meyvə sarıdan qıtlığın yaşanmadığını müşahidə etdik. Onu da qeyd edək ki, mağazalarda bir neçə növ üzüm satılır. Ancaq üzümlərin qiyməti heç də bazardakından aşağı deyil...