Azərbaycanın adı hallanan sensasia

İngiltərənin Daily Mail nəşri Azərbaycanın adı hallanan sensasialı bir məlumat yayıb. Məlumat bundan ibarətdir ki, 22 yaşlı bir azərbaycanlı turist İspaniyanın İbisa kurort şəhərində çimərlikdə 1 milyon 150 min funt sterlinq dəyərində saatını oğurlatdırıb. Oğurlanan saatın markası “Richard Mille 50-03 McLaren F1″dir. Bu xronoqraf saatdan cəmi 75 ədəd istehsal olunub. Qəzet saat sahibinin kimliyi barədə yazmasa da, qeyd edib ki, hadisə gündüz vaxtı, şəhər kənarında baş verib. 22 yaşlı azərbaycanlı gənc dostu ilə gəzdiyi yerdə hücuma məruz qalıb və basqın edən ona bir neçə zərbə vuraraq saatını alıb, qaçıb. Zərərçəkən dərhal yerli polisə bu barədə məlumat verib.
Hazırda Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli isə belə bahalı soyğuna məruz qalan azərbaycanlı gəncin kimliyi haqda əldə etdiyi məlumatı feysbuk hesabında paylaşıb. Jurnalist yazır ki, artıq dünta mediasının heyrətlə tirajladığı bu xəbərdə adı çəkilməyən azərbaycanlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədlidir.
“22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. 2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmilyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir…”, – deyə jurnalist qeyd edib.