Bakıda su 9 manata satılır? – FOTOLAR
“Araz” Supermarketlər şəbəkəsinin bir qolu olan “Spar” marketlərdə satılan suyun qiyməti alıcılarda ciddi narazılıq yaradıb və sosial şəbəkələrdə ciddi təhqirlərə məruz qalıb.
Belə ki, alıcıların iddialarına görə bir neçə gün bundan öncə “Spar” merketdən 7.5 AZN-ə alınan “Ərikli” suyu, elektrik enerjisinin verilişində yaranan problemlərlə bağlı suya tələbat artdığı üçün bu gündən 9.19 AZN-ə satılmağa başlayıb.
Bununla bağlı açıqlama verən “Araz” Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev içməli suların qiymətlərində heç bir dəyişiklik olmadığını deyib:
“Araz” Supermarketlər şəbəkəsində satılan içməli suların qiymətlərində heç bir dəyişiklik olmamasına təminat veririk. Əgər hər hansı bir müştərimizin bu məsələdə narahatlığı varsa, bizə aldığı suyun qəbzi ilə müraciət etsin və biz həftəlik mağaza satış qiymətlərini onlara təqdim edə bilərik. Ölkə ərazisində elektrik enerjisinin fasilələrlə verilməsi nəticəsində bəzi rayonların su ilə təminatda da problemlər yaşanıb. Su təminatı ilə yaşanan problemlər nəticəsində əhali su istehlakını mağazadan aldığı sularla təmin etməyə çalışıb. Bu zaman su satışı günlük normadan dəfələrlə çox olub. Buna görə də biz müştərilərimizin növbədə dayanmaması və rahat su alması üçün məhsulları vitrinlərə qutulardan birbaşa yerləşdirmək məcburiyyətində qaldıq. Bu zaman hər məhsulu öz qiymətinə uyğun düzə bilmədiyimizə görə bəzi marketlərimizdə vitrindəki su qiymətlərini götürdük. Qeyd edək ki, biz müştəri axınını tənzimləmək və bütün müştərilərin rahat alış-veriş etməsini təmin etməyə çalışmışıq. İnsanların narahatlığlnı nəzərə alaraq marketlərin iş saatlarında dəyişiklik olub və bəzi marketlərimiz gecə saatlarına kimi fəaliyyət göstərib.
Araz Supermarketlər şəbəkəsində içməli suların qiymətlərində heç bir dəyişiklik yoxdur. “Ərikli” suyunun qiyməti isə mart ayından indiyə qədər dəyişməyib. Mart ayında isə tədarükçü şirkət tərəfindən suyun qiymətində artım edilib, hazırda suyun qiymətinin artırılması ilə bağlı bir məsələ müzakirə mövzusu deyil.
Yaranan narahatçılığı nəzərə alaraq marketlərin iş saatlarında dəyişiklik olub və bəzi marketlərimiz gecə saatlarına kimi fəaliyyət göstərib. Məqsədimiz yaranan çətin vəziyyətdə müştərilərimizin yanında olmaq və onların məmnuniyyətini təmin etməkdir”.












