Mobil operatorların fırıldağı, diqqətli olun – Bu yolla milyonlar qazanırlar – FOTO
Uzun illərdir min cür fırıldaqla abunəçilərin ciblərinə girən mobil operatorlar son zamanlar yenidən fəallaşıblar.
“Azercell”, “Bakcell” və ya “Nar Mobile” abunəçilərinə gələn mesajda musiqi yükləmək, video izləmək, ulduz falı və s. kimi xidmətlərə qoşulduğunuz qeyd edilir. “Novamedia” başda olmaqla kontent provayderlər GSM şirkətləri ilə müqavilə imzalayır və nömrələrimizi əldə edir. Daha sonra qazancı da aralarında bölüşdürürlər.
Provayderin göndərdiyi ismarış mətnində xidmətlərdən birinə abunə olunduğunuz və xidmət haqqı olaraq gündəlik 30 qəpikdən 60 qəpiyə qədər olduğu göstərilir. Abunəlikdən çıxmaq üçün isə “STOP” yazıb göndərmək lazımdır.
Yəni, sizdən icazə alınmadan üzv etdikləri xidməti dayandırmaq üçün sizdən əlavə fəaliyyət tələb edirlər. Gündəlik yazışmalar həyata keçirən gənclər üçün bir mesaj yazmaqla xidməti dayandırmaq asandır. Ancaq texnologiya ilə təzə-təzə tanış olan yaşlı insanlar üçün bu çətinlik yaradır. Yazılmış mesajın mətnini anlamayanlar nəyə qoşulduqlarından belə xəbərsiz olurlar. Yaxud daha əvvəl reklam mətnlərindən cana yığılmış istifadəçilər ismarış mətnini sona qədər oxumadan dərhal bağlayır, hətta silirlər.
Abunəçisi olduğunuz operatorla əlaqə saxlamaq da pulludur.












