Gəncə sakini haqlarının pozulduğunu deyir
Gəncə şəhəri Şəkinski küçəsi ev 3-də yaşayan Əhmədov İmamverdi Məhəmməd oğlu redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi başına gələn olayı bu cür qeyd edib:
“Atam 25 il, özüm isə 21 il ”Azərittifaq"ın Gəncə Avtobazasında əlləri qabarlı, paltarı mazutlu fəhlə işləmişik və əmək kollektivinin üzvləri olmuşuq. Avtobazanın isə Gəncədəki “Azərittifaq”a heç bir aidiyyəti olmayıb. Azərittifaqın ali orqanı olan 19-cu qurultayının qərarı ilə kooperasiyanın əmlakından əmək kollektivinin üzvlərinə hər kəsin kooperasiyada iş stajından və iş keyfiyyətindən asılı olaraq əmlak payı ayrılıb". Şikayətçinin sözlərinə görə ancaq təəssüf ki, qərar olaraq kağız üzərində əmlak payı ayrılsa da, heç bir əmək kollektivinin üzvünə əmlak payı verilməmişdir: “Kooperasiya əmlakı əmək kollektivinin üzvlərinin adından rəhbərlik tərəfindən bütövlükdə ələ keçirilib, avtobazanın direktoru Yusifli Hüseynə satılması üçün xahiş edilməsinə qərar verilib. Beləliklə, avtobazanın əmlakı kollektivin üzvlərinə yox, avtobazanın təkcə direktoruna, özü də cəmi 8000 (8 min) manata satılıb. Qərar da formal olaraq tərtib edilib.
Əvvəllər iş özəlləşdirmənin ləğvi tələbi ilə məhkəməyə çıxarılıb, ancaq vəkillərin səhvi ucbatından nəticə olmayıb. Belə ki, “Azərittifaq”ın əmlakı dövlət əmlakı olduğuna görə özəlləşdirilmir. Ona görə də özəlləşdirmənin ləğvi ilə məhkəməyə müraciət etmək səhv tələb olub. Sonradan bizə məlum oldu ki, avtobazanın əmlakına dair alqı-satqı müqaviləsi təsdiqlənəndə avtobazanın əmlakının qeydiyyatı olmayıb".
İmamverdi Əhmədovun sözlərinə avtobazanın əmlakına dair alqı-satqı müqaviləsinin notariat təsdiqinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etsə də nəticəsi olmayıb: “Gəncə Şəhər Nizami Rayon Məhkəməsi iddiamızı təmin etmədi. Eləcə də Gəncə Apelyasiya Məhkəməsi şikayətimizi təmin etməyib. Ali Məhkəmə isə ərizəmin və iddia müddətinin ötdüyünü səbəb kimi göstərərək şikayətimizi qəbul etmədi. Halbuki ərizəmin və iddia müddətinin ötmədiyinə dair əsaslar təqdim etmişdim. Həmin ərizə ilə mən avtobazanı bütövlükdə satın almaqdan imtina etmişəm, nəinki 19-cu qurultayın qərarı ilə mənə verilən paydan.
Aidiyyatı qurumlardan xahiş edirəm ki, pozulan hüquqlarımın bərpası üçün mənə köməklik göstərsinlər".
Məsələ ilə bağlı yazıda adı keçən şəxs və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.










