Müsavat Partiyası Şirvan təşkilatının rəhbərinə qarşı ittiham ağırlaşdırılıb
Müsavat Partiyası Şirvan təşkilatının rəhbəri Əlikram Xurşudova qarşı ittiham daha ağır maddəyə tövsif edilib. Belə ki, CM-in 221.2.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) 315.2 maddəyə (həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) tövsif edilib. Bunu Milliqazetä vəkil Nemət Kərimli bildirib.
Əgər 221.2.2 maddə üzrə Ə.Xurşudovu 5 ilədək həbs təhlükəsi gözləyirdisə, yeni ittihamla 7 il həbs təhlükəsi var.
Ə.Xurşudovun barəsində daha bir ittiham da var: CM-in 221.3-cü maddəsi (silah kimi istifadə olunan alət tətbiq etməklə xuliqanlıq). Bu ittiham üzrə 3 ildən 7 ilədək azadlıqdan mərhum olunma təhlükəsi gözlənilir.
Ə.Xurşudov 7 ilədək həbs cəzası ilə bağlı ittihamı qəbul etmir.
Müdafiə tərəfi ittihamı əsassız sayır.
Ə.Xurşudov noyabrın 22-də Şirvanda həbs olunub və CM-in 221.2.2 və 221.3-cü maddələri ilə ittiham edilib.
Noyabrın 24-də Şirvan Apellyasiya Məhkəməsi Ə.Xurşudovu 3 ay həbs edib.
Müsavat Partiyası hesab edir ki, Ə.Xurşudov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün həbs olunub.










