"Azərişıq" və "Azərsu" yığımlarını artırıb
"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"ndə əksini tapmış kommunal xidmət haqları üzrə yığımın təkmilləşdirilməsinə dair tədbirin icrası ilə əlaqədar müvafiq işçi qrup yaradılıb.
Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Tədbir 2017-2018-ci illərdə icra olunmalıdır. Buna baxmayaraq, cari ilin ilk yarısında tədbirin icrasına başlanılmayıb.
Tədbirin əsas icraçı qurumu İqtisadiyyat Nazirliyidir.
Sənəddə deyilir ki, iyun ayının 2-də işçi qrupun ilkin iclası keçirilib. İclasda tədbirlə bağlı ilkin müzakirələr aparılıb və işçi qrupun üzvlərinin bu sahədə beynəlxalq təcrübəni nəzərdən keçirmələri, habelə növbəti iclasda iş planının təsdiq edilməsi üçün iş planına dair təkliflərin hazırlanması qərara alınıb. Prezident Administrasiyası rəhbərinin 14 iyun 2017-ci il tarixli məktubuna uyğun olaraq, işçi qrupun 2017-ci il üzrə iş planının müəyyən edilməsi məqsədi ilə iyulun 14-də işçi qrupun ikinci iclası keçirilib. İclasda rəsmi və işçi qaydasında təqdim olunmuş təkliflər əsasında işçi qrupun iş planı müəyyən edilib və növbəti iclasda beynəlxalq təcrübəyə uyğun hazırlanmış təkliflərin müzakirə olunması qərara alınıb.
Həmçinin, həyata keçirilmiş tədbirlər nəticəsində ötən ilin ilk 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə yığım faizi "Azərişıq" ASC üzrə 3 faiz bəndi artaraq 90%, "Azərsu"
ASC üzrə isə 3,6 faiz bəndi artaraq 91% təşkil edib.










