Ekspertlər etiraz, DYP təkzib edir: “Satılır” qadağasının hüquqi izahı yoxdur”
"Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydalarına görə artıq avtomobilin şüşəsində "Satılır" yazısı yazmaq qadağandır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bu məsələ artıq iki gündür ki, cəmiyyətdə aktiv müzakirə olunur. İnsanın şəxsi avtomovbilini satması kommersiya əməli olmadığından onun elan edilməsi də reklam sayılmır və bu mənada hüquqşünaslar yeni qadağanın qanunsuz olduğunu iddia edirlər. Məsələ ilə bağlı mətbuata açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib.
Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır: “Avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq da reklamdır. bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib”.
Qeyd edək ki, nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir.
Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.
Mələsə ilə bağlı fikrini səsləndirən hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov qadağanın legitim əsasının olmadığını vurğuladı: “Bu reklam deyil. Sadəcə maşını satmaqla bağlı elan verməkdir. O ki, qaldı bu elanın sürücülərin diqqətini yayındırmasına, bizim yollarda sürücülərin diqqətini yayındırmaq üçün yetərincə nələrsə var. Bu qadağanı tətbiq etmək üçün dövlət məmuru qanunun konkret maddələrindən istifadə etməlidir və deməlidir ki, nəyə görə olmaz. Əgər bu olmazdısa, bəs bu günə kimi niyə icazə verilirdi.
Axı heç bir qanunda dəyişiklik olmayıb. Birdən-birə çıxıb qadağan edirlər. Ancaq bunu əsaslandırmırlar və niyə bu günə kimi bu məsələni demədiklərini də açıqlamırlar. Mən öz maşınımı satıramsa burada sahibkarlıq fəaliyyətindən söhbət gedə bilməz. Mən bunu yazıb keçədə gedərkən üstümə də yapışdıra bilərəm ki, maşınımı və ya kompüterimi satıram. Buna heç kim müdaxilə edə bilməz. Hətta belə bir məsələ qanunda olsaydı da, dövlət məmuru bunun izahatını verməli idilər. Bu qadağa legitim deyil”.
Nəqliyyat eksperti Ərşad Hüseynov da qeyd etdi ki, bu cərimələr üzərində “satılır” yazılan avtomobil sahiblərinə şamil edilə bilməz: “Çünki bu yazı reklam haqqında qanuna zidd deyil. Reklam haqqında qanunun 1.3-ci maddəsində deyilir ki, bu qanun fiziki və hüquqi şəxslərin kommersiya xarakteri daşımayan elanlarına şamil olunmur. Yəni , fiziki şəxs, hüquqi şəxs, hansısa müəssisə, idarə öz nəqliyyat vasitəsinin üzərinə “satıram” yazıbsa, və orada telefon nömrəsi qoyubsa, bu kommersiya fəaliyyəti, yəni, alverçilik deyil.
Şəxs sadəcə özünə lazım olmayana avtomobili satmaq istəyir. Bu hala reklam haqqında qanunun tələbləri şamil edilmir. Bunun üçün sürücünün heç kimdən, o cümlədən DYP-dən razılıq alması lazım deyil. Bu elanı yerləşdirən sürücü avtomobil yollarında hərəkət edirsə, buna görə qanunsuz reklam yerləşdirmək iddiası ilə məsuliyyətə cəlb edilə bilməz”.
Ekspertin sözlərinə görə, sürücü o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin yazı lövhəsi sürücünün görüntü məsafəsini məhdudlaşdırsın və qəza şəraitinin yaranmasına səbəb olsun.
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov isə sherq.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitələrində xidmət növlərinin yerləşdirilməsi hərəkət zamanı başqa sürücülərin diqqətini yayındıra bilər: "Avtomobildə "Satılır” sözünü yazmaq ona görə qadağan olunur ki, bu da reklamdır və hərəkət zamanı sürücülərin diqqətini yayındıra bilər. Bizdə çoxlu satış məntəqələri, maşın bazarları, internet saytları var. Mədəni formada həmin xidmətlərdən istifadə etmək mümkündür. Yoxsa, hərə bir "Satılır” sözünü yazıb, maşına yerləşdirərək insanlara təhlükə törətməməlidir. Ona görə, yol nəqliyyat mədəniyyətinə, şəhərin gözəlliyinə, gələn turistlərin maraq dairəsinə uyğun olaraq bu məsələlər yüksək səviyyədə təşkil olunmalıdır. Hüquqi cəhətdən verilən cərimələr artırıla, yaxud azaldıla bilər. Nizamlamaların maddələrinə uyğun cərimə haqları var və cəzalar tətbiq oluna bilər”.
Müzakirələrlə bağlı DYP-nin mövqeyini öyrənmək üçün Kamran Əliyevlə əlaqə saxladıq.
Kamran Əliyev isə belə bir açıqlamadan xəbərsiz olduğunu bildirib: “Mən 15 gündür məzuniyyətdəyəm, ölkədə deyiləm. Belə bir açıqlamadan və müzakirələrdən xəbərim yoxdur. Avtomobilin üzərinə sadəcə “satılır” sözünün yayılması niyə qadağan olunmalıdır ki?... Mənim adımdan bu açıqlamanın necə yayılması haqqında isə heç nə deyə bilmərəm”.










