Özbəkistan Gülnarə Kərimovanın əmlakına həbs qoyulması üçün Rusiyaya müraciət edib

Özbəkistan hökuməti mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın daşınmaz əmlakına həbs qoyulması ilə bağlı rəsmi Moskvaya müraciət ünvanlayıb.
Müraciətdə Gülnarə Kərimova ilə bağlı cinayət işində hüquqi yardımın göstərilməsi istənilir və onun daşınmaz əmlakına həbs qoyulması xahiş olunur.
Bildirilir ki, hazırda sorğu baxılma mərhələsindədir.
Xatırladaq ki, İsveçrədə də Özbəkistanın sorğusu əsasında G.Kərimovanın 840 milyon dollar dəyərində aktivlərinə həbs qoyulub.
Qeyd edək ki, ölkəsində Gülnarə Kərimova ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb. O, dələduzluq, xarici valyutanın gizlədilməsi, ticarət və xidmətin göstərilməsində qaydalarının pozulması, sənədlərin saxtalaşdırılması, cinayət fəaliyyətindən əldə olunmuş gəlirlərin leqallaşdırılmasında ittiham olunur.
Onun barəsində həbs qətimkan tədbiri seçilib.