Liviyanın sabiq baş naziri hoteldən oğurlanıb

Liviyanın paytaxtı Tripolidə ölkənin sabiq hökumət rəhbəri Əli Zeydan naməlum şəxslər tərəfindən oğurlanıb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, avqustun 14-ə keçən gecə Liviyanın sabiq baş naziri ölkənin ingilah briqdası tərəfindən naməlum istiqamətə aparılıb.
Rəsmi olmayan məlumata görə, Əli Zeydan barəsində həbs qərarını Liviyanın Baş Prokurorluğu verib. 2012-2014-cü illərdə Liviyanın baş naziri postunu tutmuş Əli Zeydan 2013-cü ildə də silahlılar tərəfindən saxlanılmış, lakin bir neçə saatdan sonra buraxılmışdı.
Xatırladaq ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada üç hakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş və dünya ictimaiyyəti tərəfindən tanınan parlament ölkənin şərqindəki Tobruk şəhərində, tanınmamış Milli Qurtuluş hökuməti Misurata şəhərində, Faiz Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir.