Şimali Koreya böhranı: Avstraliya ABŞ-a dəstək verəcək

Avstraliyanın baş naziri Malkolm Törnbul ABŞ-ın yanında olduğunu bəyan edib. Baş nazır deyib ki, əgər Şimali Koreya ABŞ-a hücum etsə, Anzus müqaviləsinə əsasən Avstraliya ABŞ-a dəstək verəcək.
Avstraliyanın konfliktə qoşulması qərarı müttəfiqlərlə razılaşdıqdan sonra müəyyənləşəcəkdir. “Məsələ müdafiədirsə, biz ABŞ-la ətlə dırnaq kimi bağlıyıq” - baş nazir vurğulayıb.
Anzus müqaviləsi 1951-ci ildə Sakit Okeanda təhlükəsizliyi qorumaq naminə bağlanıb. Müqaviləyə əsasən ümumi təhlükəyə qarşı tərəflər məsləhətləşib birlikdə mübarizə aparmalıdırlar.
Törnbulun bəyanatı Avstraliyanın xarici işlər naziri Culiya Bişopun dedikləri ilə üst-üstə düşmür. Bişop ABC telekanalına müsahibə verib demişdi ki, Avstraliyanın konfliktə qoşulması üçün avtomatik səbəb yoxdur. O, deyib ki, Avstraliya 1953-cü ildə Koreya müharibəsi bitdiyində atəşkəs bağlayan tərəflərdən biri olmayıb. Anzus müqaviləsinə gəlincə, burada məcburiyyətin məsləhətləşməkdən ibarət olduğunu xarici işlər nazir qeyd edib.
Lakin baş nazir tam əksinə bəyanat verdi və dedi ki, ölkəsi ABŞ-ın yanındadır və ona dəstək verir. Törnbul bildirib ki, necə 11 sentyabr terror hadisəsindən sonra Avstraliya Anzus müqaviləsinə görə ABŞ-a dəstək verdi, eləcə də Şimali Koreya tərəfindən hər hansı müdaxilə olarsa, ABŞ-a dəstək verəcəkdir.
Digər tərəfdən baş nazir həftənin əvvəlində başqa fikir bildirmişdi. O, müharibə olarsa, nəticələrinin faciəvi olacağını xüsusilə vurğulamışdı. Hərbi müdaxilənin əksinə Törnbul Pxenyana iqtisadi təzyiqlər göstərməyin və daha sərt sanksiyaların əhəmiyyətli olduğunu müdafiə etmişdi.
Şimali Koreya böhranı isə gündən-günə dərinləşməkdə davam edir. Pxenyan ABŞ-ın Guam regionunu vuracağını bəyanladı, Tramp isə “atəş və qəzəb” cavabını verdi.