Qətər 4 ərəb ölkəsinin təklifini rədd etdi

Qətər rəhbərliyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin embarqonu ləğv etmək üçün ötən gün irəli sürdüyü şərtli dialoq təklifini rədd edib. Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani ölkəsinə qarşı blokadanı beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. "Blokada tətbiq edən ölkələr bunun qeyri-qanuni olduğunu qəbul etməməkdə israr edir",-deyə Qətərin XİN rəhbəri "Əl-Cəzirəyə" açıqlamasında deyib.
Qeyd edək ki, dünən Behreyndə görüşən 4 ərəb ölkəsinin XİN rəhbərləri Qətərə müraciət edərək dialoq öncəsi bütün tələbləri qəbul etməyi istəmişdi. Qətərin dərhal yerinə yetirməli olduğu 13 maddəlik tələblər arasında ölkənin "Müsəlman Qardaşlar" Birliyinə dəstəyi dayandırması, "Əl-Cəzirəyə"ni bağlaması, İranla diplomatik əlaqələri kəsməsi və Türkiyə ilə hərbi əməkdaşlığa son qoyması var.