Əfqan Muxtarlının xanımı dinlənildiyini deyir

"Məni dinləyirlər". Müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib həbs edilən jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva belə deyib.
O iyulun 7-də Tbilisidə mətbuat konfransı keçirib.
Leyla Mustafayeva rahatlığının pozulduğunu, az qala hər yerdə dinlənildiyini bildirib
"Bir neçə gün əvvəl dostlarımla restoranlardan birində oturmuşduq. Xeyli sonra fərq etdik ki, masamıza çanta qoyublar. Restoran görəvlilərini çağırıb soruşanda, tanımadığımız birisi çantanı götürüb qaçdı", - deyən L.Mustafayevanın ehtimallarına görə, həmin çanta da masaya elə onun danışıqlarını qeyd etmək üçün qoyulubmuş.
O, bu günlərdə Gürcüstana səfər etmiş Azərbaycan müxalifət partiyası rəhbəri ilə görüşü zamanı da dinlənildiyini güman etdiyini bildirib.
L.Mustafayeva baş verənlərlə bağlı polisi bilgiləndirdiklərini deyib: "Gürcüstan polisinə məlumat vermişəm. Ancaq polis bu işlə demək olar ki, məşğul olmaq istəmir".