Fransa “ekoloji inqilaba” hazırlaşır

“The İndependent” yazır ki, Fransanın yeni ekologiya naziri 2040-cı ilədək ölkədə benzin və dizel yanacağını tamamilə qadağan etməyi planlaşdırır.
Nazir Nicolas Hulot deyib ki, onun bu təşəbbüsü prezident Emmanuel Macron-un 2050-ci ilədək Fransanı karbonsuz ölkə etmək planının tərkib hissəsidir.
Cənab Hulot deyib ki, bu planların Fransa avtomobil sənayesi üzərinə qoyacağı təzyiqi başa düşür, lakin avtomobil istehsalçıları da gələcək planlarını bu ekoloji siyasətə uyğun qurmalı olacaqlar.
Bu planın tərkib hissəsi kimi yoxsullara öz köhnə avtomobillərini daha “təmiz alternativlərə” dəyişmək imkanı veriləcək.
Bundan əvvəl Volvo avtomobilqayırma şirkəti bildirmişdi ki, 2019-cu ildən etibarən yalnız elektrik və hibrid (elektrik və benzin) avtomobillər istehsal edəcək.
Fransanın ekologiya naziri cənab Hulot müxbirlərə bildirib ki, Fransa 2022-ci ilədək elektrik enerjisinin kömürdən alınmasına son qoyacaq.
O, həmçinin deyib ki, yeni təmiz enerji layihələrinə 4 milyard avro investisiya yatırılacaq.
Cənab Hulot bildirib ki, Fransa iqlim siyasətində lider olmağı qət edib.
“The İndependent” yazır ki, Fransa daxiliyanma mühərrikləri ilə işləyən maşınları qadağan etməyi planlaşdıran yeganə ölkə deyil.
Hollandiya və Norveç bəyan ediblər ki, benzin və dizel yanacaqlı avtomobilləri 2025-ci ilədək ləğv etməyi planlaşdırırlar.
Hindistan eyni planı 2030-cu ildək həyata keçirmək niyyətindədir.
Fransanın ekologiya naziri bunu da elan edib ki, ölkə palma yağının və soyanın idxalını tamamilə qadağan etməyi düşünür.
Bu qadağada məqsəd Amazon, Cənub-Şərqi Asiya və Konqoda meşələrin qırılmasının qarşısını almaqdır. Belə ki bu ölkələrdə meşələri kənd təsərrüfatı bitkilərinə görə qırmaqda davam edirlər.
Keçmişdə televiziya aparıcısı olmuş nazir Hulot deyib ki, karbon emissiyasını azaltmağa çalışarkən meşələrin qırılmasına göz yummaq “şizofreniya” olardı.
Fransa parlamenti bu payız qaz, neft və kömür yataqlarının inkişaf etdirilməsini tamamilə qadağan edən qanun qəbul edəcək.