İsrailin hava yolları şirkəti dini səbəblərə görə qadınların yerlərini dəyişə bilməyəcək

Məhkəmənin qərarı ilə bundan sonra El Al hava yollarının işçiləri qadın sərnişinləri ultra-ortodoks kişilərin onlarla yanaşı oturmaq istəmədiyinə görə yerlərini dəyişməyə məcbur edə bilməyəcək.
2015-ci ildə 82 yaşlı Renee Rabonovitz EL Al hava yolları ilə uçan zaman qadınla oturmaq istəməyən ultra-ortodoks kişinin tələbi ilə yeri dəyişdirildi. Hava yolları şirkətinin işçiləri qadının şikayət etməsinə qarşılıq bildirmişdi ki, bu idarə heyəti tərəfindən qəbul edilən qaydadır. Yəni ultra-ortodoks kişilər qarşı cinslə yanaşı oturmaq istəmirsə qadınların yerləri dəyişdirilir.
Rabinovitz özünün də dindar olduğunu bildirib, lakin bu münasibəti qətiyyən qəbul etmədiyini dilə gətirib. O, ABŞ-dan İsrailə uçan zaman belə bir hadisə ilə üzləşib. Ultra-ortodoks kişinin tələbi ilə yeri dəyişdirilən qadın bunun dəhşətli diskriminasiya olduğunu qeyd edib. “Başqa dindən olan adamın yahudi ilə oturmaq istəmədiyi ilə bu hadisənin heç bir fərqi yoxdur” – o, “The Guardian”a müsahibəsində qeyd edib. Rabinovitz yerini dəyişdirilməsi tələb edən kişiyə dönüb “Mən 82 yaşlı qadınam, problem nədir” sualını verdiyini deyib. Kişi isə cavabında bildirib ki, qadınla-kişinin yanaşı oturması Tövratda qadağan edilib.
Yaşlı qadın Tövratda belə bir şeyin yazılmadığını qeyd etdikdə kişi bunu təsdiqləsə də deyib ki, özünü təhlükəli vəziyyətə salmamaq ümumi prinsipdir.
İşə hakimlik edən Dana Kohen-Lekah qərarda bildirib ki, heç bir şirkət işçisi sərnişini cinsiyyətinə görə yerini dəyişdirməyə məcbur edilə bilməz. Qərardan məmnun olduğunu dilə gətirən Rebonevits EL AL hava yollarının bu qərara ciddi yanaşacağına ümid etdiyini deyib.
EL Al şirkətindən bu səbəblərə görə çoxlu şikayətin olduğu bildirilib. Məhkəmədə Rabinovitsi təmsil edən İsrail Dini Hərəkat Mərkəzinin direktoru qeyd edib ki, mərkəz EL AL-dan dəfələrlə bu siyasəti dəyişdirməsini istəyib, lakin şirkət tələbləri geri çevirib.
Məhkəmənin verdiyi qərara görə, El Al qaydalarını yenidən düzənləməli və bütün heyətinə bu kimi hadisələrin təkrarlanmaması üçün təlimlər keçməlidir. Bundan əlavə El Al şirkəti Rabinovitzə dəyən zərərə görə 6500 şekel, yəni 1833 dollar məbləğində cərimə ödəməlidir.
El AL hava yollarına qaydalarını dəyişmək üçün 45 gün vaxt verilib.