Gürcüstan vətəndaşları Avropaya vizasız səyahətə başlayır

Gürcüstan vətəndaşları bu gündən əksər Avropa İttifaqı ölkələrinə vizasız səyahət edə biləcəklər.
Aİ-nin demokratik islahatlar həyata keçirmiş Gü
rcüstanla vizasız səyahət barədə anlaşması martın 28-dən qüvvəyə minib.
BBC müxbiri Rayhan Demytrie Tbilisidən xəbər verir ki, gürcülər bu anı çoxdan gözləyirdilər.
Biometrik pasportları olan Gürcüstan vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində şengen zonasında qala bilərlər.
Lakin onlar Aİ ərazisində işlə təmin oluna bilməzlər.
“Aİ ilə viza anlaşması Gürcüstanın illərlə anti korrupsiya, qanunvericilik və vətəndaş haqlarının qorunması sahəsində apardığı islahatların nəticəsidir”, müxbirimiz deyir.
Bu anlaşma yalnız iki halda, Gürcüstan vətəndaşları Aİ-də 90 gündən çox qalarsa və ya mühacirət edərsə pozula bilər.
Çərşənbə axşamı baş nazir Giorgi Kvirikaşvili nazirlər, tələbələr və jurnalistlərlə birgə Yunanıstan paytaxtı Afinaya ilk dəfə olaraq vizasız yola düşüb.
“Bu böyük uğur idi. Vizasız səyahət Gürcüstan vətəndaşlarına Aİ-ni daha yaxşı tanımaq imkanı verəcək”, baş nazir yola düşməzdən öncə söyləyib.
Afinadan sonra nümayəndə heyəti Brüsselə gedəcək.
“Aİ-ə tam inteqrasiya dəyişilməz məqsədimizdir”, o əlavə edib.
Vizasız rejimin tətbiqi barədə danışıqlar 2012-ci ildən aparılırdı.