Lavrov ABŞ-ı rus səfiri gizli dinləməkdə ittiham etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ xüsusi xidmət orqanlarının rus səfir Sergey Kislyakı gizli dinləməkdə ittiham edib.
Lavrov bugünkü mətbuat konfransında bildirib ki, bunu ABŞ özü də etiraf edib:
“ABŞ xüsusi xidmət orqanları rəsmən, lakin anonim şəkildə özləri bəyan ediblər ki, bizim səfirimiz Kislyakın telefon danışıqlarını mütəmadi olaraq dinləyiblər. Eyni zamanda səfirin Vaşinqtonda gördüyü işlərlə bağlı Moskvaya hesabatları da dinlənilib”.
Rus nazir xatırladıb ki, telefon danışıqlarının dinlənilməsi prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinlə Moskvanın əlaqələrinə dair iddialarından sonra ortaya çıxıb:
“Maraqlı şeyləri biz də oxuyuruq. Məsələn, general Flinlə bağlı dövriyyəyə buraxılan məlum qalmaqalı».
Fefralın 13-də Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flin istefa verib.
ABŞ KİV-lərinin yazdığına görə, amerikalı general Rusiyanın bu ölkədəki səfiri Kislyakla əlaqələri barədə rəhbərliyi tam məlumatlandırmayıb. Üstəlik Flin səfirlə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsini də müzakirə edib.
Putinin mətbuat katibi Flinlə səfir arasında belə bir söhbətin olduğunu təsdiqləsə də, sanksiyalarla bağlı hissəni təkzib edib.