Ukraynada separatçıların “Givi” ləqəbli məşhur komandiri öldürülüb

Ukraynada qondarma “Donetsk Xalq Respublikası”nın liderlərindən biri, “Somali” batalyonunun komandiri, “Givi” ləqəbli məşhur terrorçu Mixail Tolstıx öldürülüb.
Bu barədə separatçıların “operativ komandanlığı” açıqlama yayıb. M. Tolstıx yerli vaxtla saat 06:12-də qətlə yetirilib. Hələ ki onun hansı şəraitdə öldürüldüyü dəqiq bəlli deyil. Hadisə yerində separatçıların istintaq qrupu işləyir.
“Donetsk Xalq Respublikası”nın “Müdafiə Nazirliyi” hadisəni “Ukrayna hakimiyyəti tərəfindən Donbas sakinlərinə qarşı başladılmış terrorçu müharibənin davamı” kimi qiymətləndirib.
Qeyd edək ki, M. Tolstıx və “Somali” batalyonu Donbasda gedən döyüşlərin aktiv iştirakçısı olub. Ukrayna tərəfi onları hərbi cinayətlər törətməkdə ittiham edirdi. “Givi”nin əsir düşmüş Ukrayna əsgərlərini alçaltması, onlara işgəncə verməsi, hətta bəzi əsirləri güllələməsi barədə faktlar var.