ABŞ, beynəlxalq ictimaiyyət Bakı ilə Yerevan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı tarixi sülh müqaviləsi üzrə danışıqları yekunlaşdırdıqlarına görə təqdir edir.
ABŞ Dövlət katibi Marko Rubio deyib ki, bu, Prezident Trampın daha sülhsevər dünya vizyonuna uyğun olaraq hər iki ölkə üçün onilliklər boyu davam edən münaqişənin səhifəsini çevirmək fürsətidir.
“İndi sülhə nail olmaq, müqaviləni imzalamaq və ratifikasiya etmək və Cənubi Qafqaz xalqları üçün yeni tərəqqi dövrünü açmaq vaxtıdır”, Dövlət katibinin martın 14-də yaydığı bəyanatda vurğulanır.
Marko Rubio hələ ötən ay Münhendə Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə “Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səyləri” müzakirə etmiş, “davamlı və ləyaqətli sülhün vacibliyi” tərəflər arasında yanvar ayında baş tutan telefon danışığında da vurğulanmışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib. Ermənistan Xarici İşlər Nazirliyi də ötən gün sazişin mətni üzrə yekun razılığın əldə edildiyini təsdiqləyib.
Fransa Prezidenti Emmanuel Makron, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta, Almaniya, İspaniya, Polşa da daxil olmaqla bir çox ölkələrin xarici işlər nazirlikləri, Aİ və Avropa Şurası rəsmiləri Bakı ilə Yerevan arasında sülh sazişinin mətninə dair razılıq əldə edilməsini alqışlayıblar.
Emmanuel Makron danışıqların yekunlaşmasına dair xəbərə ilk reaksiya verən dövlət başçılarından olub.
“Mən Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşmasının elan edilməsini alqışlayıram. İndi Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına heç bir maneə qalmayıb və bu, Cənubi Qafqazda davamlı sülhün yolunu açmalıdır”, Fransa Prezidenti “X” səhifəsində yazıb.










