ABŞ və Suriya müxalifəti Ərdoğan-Əsəd yaxınlaşmasından narazıdır

Suriyanın siyasi və silahlı müxalifəti Ankara və Dəməşq arasında yüksək səviyyədə görüşlər keçirildikdən sonra Türkiyəni Suriya müxalifətinə sədaqətini bir daha təsdiqləməyə çağırıb.
Türkiyə Suriyada 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan bəri bu ölkənin Bəşər əl-Əsəd hökumətinə qarşı döyüşən müxalifətinə dəstək verib.
Reuters yazır ki, Ankara əksəriyyətini islamçılar təşkil edən Suriya müxalifətinə Dəməşq hökumətinə qarşı mübarizə üçün təlim və hərbi dəstək verib.
Lakin ötən ilin son günlərində Moskvada görüşən Türkiyə və Suriya müdafiə nazirləri miqrasiya və Türkiyə ilə sərhəddə yerləşən Suriya kürd silahlılarının məsələsini müzakirə ediblər.
Bu görüş Suriyanın silahlı və siyasi müxalifətinin ciddi narahatlığına səbəb olub.
Radikal Həyat Təhrir əş-Şəm qruplaşmasının lideri həftənin əvvəlində yayılmış videomüraciətində deyib ki, Suriya, Rusiya və Türkiyə arasında danışıqlar “təhlükəli dəyişiklikdir”.
Əhrar əş-Şəm adlı başqa bir islamçı qruplaşma isə bildirib ki, “müttəfiq Türkiyənin vəziyyəti başa düşülən olsa da”, Ankara Suriya hökuməti ilə barışığı “heç ağlına da gətirməməlidir”.