Putin mayın 9-da nə deyəcək?

Rusiya lideri Vladimir Putinin mayın 9-da, faşizm üzərində Qələbə günündə hansı mesajı verəcəyi maraq doğurur.
icxeber xarici mediaya istinadən xəbər verir ki, ekspertlər bu barədə öz fikirlərini bildirib.
- Bildirilir ki, mayın 9-da Rusiya qələbənin ildönümünü Qızıl Meydanında hərbi paradla qeyd edəcək. Rusiya hər il yeni silah növləri nümayiş etdirməklə NATO-ya gücünü göstərir.
Parad bu il Ukraynadakı müharibənin kölgəsində keçiriləcək. Həmin gün çıxış edəcəyi gözlənilən Vladimir Putinin hansı mesajı verəcəyi hər zamankindən daha maraqlıdır.
- Fransa Prezidenti Emmanuel Makron 9 May tarixindən danışıb: “9 May Rusiya üçün milli bayramdır, mühüm hərbi hadisədir. Putinin qələbə günü demək olar ki, bəllidir. Onlar səylərini Donbasda cəmləyəcəklər və biz yaxın günlərdə çox çətin səhnələr yaşayacağıq”.
Bu haqda Fransanın “AFP” xəbər agentliyi belə yazır: “Kiyevdəki müqaviməti qıra bilməyən Rusiya şərqdə rus dilinin daha çox danışıldığı Donbasa üz tutub. Zəngin kömür yataqları və sənaye infrastrukturu ilə diqqət çəkən Donbas bölgəsi hazırda Kremlin hədəfinə çevrilib. Kremlin digər hədəfi isə son günlər əngəllənən danışıqları hərbi üstünlüyünü artıraraq davam etdirməkdir. Bu baxımdan, Rusiya mayın 9-na qədər bütün Donbası ələ keçirə bilməsə də, ən azı mühasirədə olan bütün liman şəhəri Mariupolu nəzarətdə saxlamağı hədəfləyir”.
- Digər tərəfdən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Putinin Kiyevdən vaz keçdiyini deyib. Amerika Baş Qərargah rəisi Mark Milley isə müharibənin şərqdə şiddətlənəcəyini və uzunmüddətli olacağını bildirib.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitriy Peskov Rusiyanın Ukraynaya hücumu zamanı xeyli sayda əsgər itirdiyini bildirib.