Züqanov Putinin adından dediyi sözlərdən imtina etdi

Xəbər verildiyi kimi, cümə günü Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov bəyan edib ki, prezident Vladimir Putin fevralın 20-də Donbasla bağlı mühüm qərar qəbul edə bilər. Hətta Züqanov fevralın 20-də bütün rusiyalıları vəziyyəti diqqətlə izləməyə və xəbər gözləməyə çağırmışdı.
Ancaq şənbə günü Züqanovun mətbuat katibi Aleksandr Yuşşenko RİA Novosti agentliyinə verdiyi açıqlamada deyilənləri təkzib etdi.
A.Yuşşenko qeyd edib ki, Züqanov elə bir açıqlama verməyib: “Bu, nəzakətsizlik və təxribatdır. Gennadi Andreeviç bəzi KİV-lərin Telegram kanallarında yazdıqları kimi açıqlama verməyib. O, sadəcə bildirib ki, indi biz olimpiadada idmançılarımızı dəstəkləməyə diqqət yetirməliyik və bazar ertəsi beynəlxalq gündəmə qayıdacağıq”.
Mətbuat katibi həmçinin hazırda Ukraynanın şərqində münaqişənin kəskinləşdiyini qeyd edib və vəziyyəti gərginləşdirməmək üçün jurnalistləri Donbasla bağlı məlumatları yoxlamağa çağırıb.