Rusiyanın Ukraynaya hücum hazırlığı… ABŞ-dan Rusiyaya nəhəng yük təyyarəsi ilə 50 ton dollar gətirildi

Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsi getdikcə daha da artır. NATO, Aİ və ABŞ xəbərdarlıq edir ki, Ukraynaya mümkün işğal cəhdində Rusiyaya sanksiyalarla cavab veriləcək. Rusiya isə işğal barədə fikrinin olmadığı desə də, buna dünyanı inandıra bilmir. Rusiyanın son addımı isə onun işğal planlarının olduğu iddialarını daha da gücləndirir.
RİA agentliyi Rusiyanın mümkün Qərb sanksiyalarına qarşı təyyarə ilə ölkəyə 50 ton nağd dollar gətirdiyini yazıb. Banklar vasitəsilə həyata keçirilən pul köçürmələri üçün nəhəng yük təyyarəsinin lazım ola biləcəyi bildirilir. Qeyd edilir ki, Rusiya Mərkəzi Bankının statistikasında ABŞ-dan külli miqdarda nağd pulun gətirildiyi qeyd olunub.
Qərb ölkələrinin beynəlxalq pul köçürmə sistemi SWIFT-ə çıxış qadağasına qarşı ötən ilin dekabrında hərəkətə keçən Rusiya banklarının nağd pullarının məbləği 4 milyard 970 milyon dolları keçib.
Özəl bankların xaricdəki aktivlərini girov kimi göstərərək həyata keçirdikləri pul köçürmələrinin 100 dollarlıq əskinaslarla edildiyi iddia edilir. Valyutanın 100 dollarlıq əskinaslar şəklində daşındığı nəzərə alınsa, göndərilən pulun ümumi çəkisinin 50 ton olduğu deyilir. Qeyd edilir ki, bu çəkidə bir yükü daşımaq üçün isə nəhəng yük təyyarəsi lazımdır.
Xatırladaq ki, Rusiya özəl bankları 2014-cü ildə Krımın işğalı zamanı da analoji şəkildə nağd pul toplayıblar və həmin ilin mart-dekabr aylarında ölkəyə gətirilən nağd pulun həcmi 19 milyard dollar olub.