BMT əməkdaşlarını öldürməkdə ittiham olunan 51 nəfərə edam cəzası verildi

Konqo Demokratik Respublikasının (KDR) hərbi tribunalı 51 nəfəri ölüm cəzasına məhkum edib.
"İç xəbər" xəbər verir ki, onlar 2017-ci ildə BMT-nin iki əməkdaşını qətlə yetirməkdə ittiham olunub. Hərbi tribunal daha bir nəfəri 10 il azadlıqdan məhrum edib. İki təqsirləndirilən şəxsə bəraət verilib.
Qeyd edək ki, BMT-nin iki əməkdaşı - ABŞ və İsveç vətəndaşları 2017-ci ilin martında Konqonun Kasai əyalətində itkin düşüb. Onlar bölgədə silahlı toqquşmalarda həlak olan insanların kütləvi məzarlıq yerlərini araşdırıblar. Ekspertlərin cəsədləri iki həftə sonra tapılıb. Rəsmi versiyaya görə, onlar yerli silahlılar tərəfindən öldürülüb. Həmin ilin iyununda BMT Təhlükəsizlik Şurası qətlin qəsdən törədildiyini və yerli xüsusi xidmət orqanlarının bu işdə əli ola biləcəyini təxmin edib.
Onu da qeyd edək ki, h2003-cü ildən KDR-də ölüm cəzasına moratorium qüvvədədir. Bu cəza növü adətən ömürlük həbslə əvəzlənir.