Kremldən Paşinyana təzyiq: “Azərbaycana qaytarılacaq ərazilər...”

“Paşinyan Azərbaycanla ehtimal olunan növbəti savaşda Ermənistan ordusunun ölkəmizin təhlükəsizliyini təmin edib-edə bilməyəcəyindən əmin deyil”.
Bunu erməni siyasi ekspert Sergey Melkonyan deyib.
Onun sözlərinə görə, Ermənistan haqqında danışarkən, Paşinyanın davranışlarının məntiqini dəqiq şəkildə nəzərdən keçirmək lazımdır, ənənəvi olaraq dövlətin maraqlarından uzaqlaşır:
“Birincisi, gərginliyin artması durumunda silahlı qüvvələrin ölkənin təhlükəsizliyi tam təmin etməyə hazır olduğuna əmin deyil. Bu qorxu son iki həftədə Azərbaycan silahlı qüvvələrinin sərhədlərdə öz mövqelərini gücləndirməsindən qaynaqlanır.
İkincisi, Paşinyan həmişə qonşularla birtərəfli güzəştlər yolu ilə əməkdaşlığın tərəfdarı olub. Bu səbəbdən bölgədə dəhlizin açılmasına və anklavların Azərbaycana təhvil verilməsinə razı olduğuna şübhə yeri yoxdur”.
Ekspert Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaların həyata keçirilməsinin Moskva üçün də əhəmiyyətli olduğunu bildirib. Paşinyanın bu səbəbdən Azərbaycanın anklavlarını (Qazaxın 7, Naxçıvanın 1 kəndi) qaytarması və Zəngəzur dəhlizinin açılması üçün güclü təzyiq altında olduğunu söyləyib.
Melkonyan son gəlişmələrin Türkiyənin də bölgədə güclənməsinə imkan verəcəyini deyib. Eyni zamanda ona da diqqət çəkib ki, Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın təsir dairəsində yox, özünün müstəqil orbitində hərəkət edir.