ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu müvəqqəti bağlanır

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən “təhlükəsizlik tədbirləri” qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını elan edib.
Bu barədə diplomatik idarənin yaydığı press-relizdə bildirilir.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidentinin “erməni soyqırımı” ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-da və 27-də işləməyəcək.
Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik idarələrlə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq tövsiyə edilir.