Gümrüdə polislə etirazçılar arasında qarşıdurma

Əslən Şirak vilayətindən olan və Azərbaycanda həbsdə saxlanılan diversantların valideynləri aprelin 13-də Gümrü şəhərində həyatı iflic ediblər.
Vilayət administrasiyasına daxil olan valideynlər baş nazir Nikol Paşinyanla, həmçinin müdafiə naziri Vaqarşak Arutyunyan və vitse-baş nazir Tiqran Avinyanla, həmçinin vilayət qubernatoru ilə görüş istəyiblər. Onlar Ermənistan hökumətinin rəhbərliyini Gümrü şəhərinə, görüşə çağırıblar. Polis gün ərzində binanın giriş-çıxışını bağlayan etirazçıları administrasiyadan çıxartmağa müvəffəq olmayıb. Bu səbəbdən axşam saatlarında gərginlik artıb. Valideynlər kiminsə binanı tərk etməsinə imkan verməyib. Jurnalistlərə açıqlamalarında bildirilib ki, polis onları zorla binadan çıxartmağa çalışıb.
Vilayət rəhbərliyinin iş gününün sonunda binanı tərk etmək istəməsi isə etirazları coşdurub. Bu zaman baş verən toqquşma zamanı qapılardan birinin şüşəsi qırılıb. Digər təfsilatlar haqda məlumat verilmir.