Ermənistanda Nikol Paşinyanı ələ salan

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.
İÇXƏBƏR Sputnik Armenia-ya istinadən xəbər verir ki, prezidentin saytınd ayerləşdirilmiş məlumata görə, qərar baş nazir Nikol Paşinyanın təklifi üzrə qəbul olunub. Buna səbəb isə, çox güman ki, general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub.
Xatırladaq ki, baş nazir 1in.am saytına müsahibəsində İsgəndər raketlərindən narazı qaldığını bildirmişdi. Bundan sonra “Yerevan.today” portalı Tiran Xaçatryanın bu bəyanatla bağlı mövqeyini öyrənib. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi – “İsgəndər raketlərinin 10%-nin partlaması mümkündürmü?”, – sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə yəni? İsgəndər? Bir atəş? … 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir”.
Ermənistanın Müdafiə Nazirliyi bundan sonra geniş bəyanatla çıxış edib. Nazirlik iddia edib ki, Xaçatryanın sözləri guya “təhrif olunub”. Guya general jurnalistin sualına qeyri-ciddi deyib və sonra jurnalistin gətirdiyi general polkovnik Movses Akopyanın sözlərinə xeyli gülüb. Bu bəyanatdan bir neçə saat sonra Xaçatryan tutduğu vəzifədən azad olunub…