Vladimir Zelenski: "Ukrayna indi az qala əl açlıb Avropaya yalvarır"

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın 45-ci prezidenti Donald Trampdan incidiyini və amerikan demokratiyasının düşdüyü vəziyyətdən məyus olduğunu açıqlayıb.
"İç xəbər" Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısı ölkədaxili və xarici siyasətlə bağlı ABŞ-ın “Axios” saytının əməkdaşı Conatan Svonla maraqlı söhbət edib. Müsahibə “HBO” kanalında yayımlanıb.
Ukrayna prezidenti koronavirus əleyhinə peyvənd alacaq ölkələr siyahısında öncül sırada olmadıqlarını təəssüflə dilə gətirib.
“Ukraynanın Avropa və ya dünya birliyinin bərabərhüquqlu üzvü olmadığı peyvəndləşmə işində açıq-aşkar görünür. Biz digərlərindən fərqli olaraq peyvənd alan ölkələr içində ilk sıralarda olmadığımızı görürük. Bizimlə gözəl münasibətlərdə olan AB liderləri də ancaq öz ehtiyatlarının cüzi bir hissəsindən peyvənd verə biləcəklərini söyləyirlər. Hazırda hər kəsə əl açmış vəziyyətdəyik”, - deyə Ukrayna lideri bildirib.
Vladimir Zelenskinin fikrincə, əgər Ukrayna vaxtında NATO sıralarına qəbul edilsəydi, indi nə Donbasda müharibə, nə də hər hansı bir münaqişə mövcud olmazdı. Onun sözlərinə görə, əgər ABŞ bu sahədə kömək etməsə, özü eyni problemlərlə üzləşəcək. Ukrayna rəhbəri bunun informasiya müharibəsinin gedişində göründüyünü bildirib.
“Əlbəttə, ABŞ ukraynalıları müdafiə etməlidir. Çünki biz Avropanı qoruyuruq. Biz Qərbə sanksiyalarına görə olduqca minnətdarıq. Sanksiyalar nə qədər əhəmiyyət daşışıyrsa, daşısın, ölən insanların həyatını geri qaytara bilməz. Çünki ortada bir təxribat var. Üstəlik, biz təkcə silahlı müdaxilədən danışmırıq. Bz indi informasiya savaşı ilə də üz-üzəyik. Və ABŞ bunun hansı nəticələrə gətirib çıxardığının ən gözəl örnəklərindən biridir”,-deyə V.Zelenski vurğulayıb.
Dövlət başçısı ABŞ-ın yeni prezidenti Co Baydendən Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünə kömək göstərə biləcəyinə ümid bəslədiklərini bildirib.
“Ukraynanın şərqində müharibə gedir, burada Rusiya Federasiyasının təcavüzü, Krımın işğalı var. Ona görə də çox istərdim ki, prezident Bayden də Ukraynanı çox yaxşı tanıyan bir siyasətçi olaraq bizə bu facəli situasiyadan qurtulmağımıza yardım göstərsin”,-deyə o qeyd edib.
Vladimir Zelenski bu ilin yanvar ayının 6-da ABŞ Konqresinə olan hücumdan sonra amerikan demokratiyasından məyus olduğunu gizlətməyib. Onun sözlərinə görə, bu vaxta qədər hər kəsin ABŞ haqqında hər şeyi ideal getdiyi, demokratik institutların mükəmməl şəkildə çalşdığı, hakimiyyətin isə dinc şəkildə ötürüldüyü bir ölkə kimi təsəvvürləri vardı. Lakin son hadisə bütün bu təsəvvürləri dəyişib və insanlar Birləşmiş Ştatlara demokratiyanın simvolu kimi baxa bilməyəcəklər.
Ukrayna lideri keçmiş prezident Donald Trampla görüşün məzmununun sonradan sonuncu tərəfindən yayılmasının qəti qəbuledilməz olduğunu və buna görə də ondan möhkəm incidiyini ifadə edib.