Nikol Paşinyan bu gün axşam saatlarında xalqa müraciətində belə deyib.

Azərbaycanın "bu həcmli hücumları, hərbi ekspertlərin fikrincə, 21-ci əsrdə dünyanın heç bir nöqtəsində - münaqişə zonasında müşahidə olunmayıb", Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün axşam saatlarında xalqa müraciətində belə deyib.
O deyib ki, "Azərbaycan yüzlərlə tank və PDM, minlərlə mərmi və raket, onlarla təyyarə, yüzlərlə PUA, on minlərlə piyada əsgərlə bütün təmas xətti boyunca hücum edir".
"Bu hücumlar gündə bir neçə dəfə təkrarlanır, raket və artilleriya, zirehli texnika, təyyarə, PUA-larla müşayiət olunur. Bundan ön xətdə necə ağır döyüşlərin getdiyi bəlli olur", o deyib.
Paşinyan Ermənistanın canlı itkilərinə də toxunub:
"Hal-hazırda bizim çoxsaylı insan itkilərimiz var – hərbçilər və mülki əhali arasında, böyük miqdarda hərbi texnika sıradan çıxarılıb".
Nikol Paşinyan ön xəttin müxtəlif sahələrində "şiddətli döyüşlərin davam etdiyini", Ermənistan tərəfinin bəzi yerlərdə "olduqca ağır vəziyyətdə", müəyyən yerlərdə isə "inamla vəziyyətə sahiblik etdiyini" deyib.
O iddia edib ki, qarşı tərəf "hələ də hər hansı bir strateji məsələ həll etməyə müvəffəq olmayıb".
Sentyabrın 27-dən bəri davam edən döyüşlərdə Azərbaycan 15 kəndi azad etdiyini və önəmli yüksəkliklərə nəzarət etdiyini açıqlayıb.