Varlı rusların yeni dəb oyuncaqları: bahalı jetlər və helikopterlər

Vətəndaşlardan fərqli olaraq, varlı ruslar öz şəhərkənarı malikanələrində belə qalmaq fikrində deyillər və pandemiya günlərində sərhədlərin qapanmasına rəğmən ölkəni rahatlıqla tərk edirlər”.
Musavat.com xəbər verir ki, bu barədə “La Libre Belgique” qəzetində yazı dərc olunub.
Göründüyü kimi, ən varlı adamların xaricdə yaşamaq üçün evləri və hətta vətəndaşlıq pasportları da var. Buna görə də onlar London, Kipr, Monako və Nitsa şəhərlərinə şəxsi təyyarələri ilə uça bilirlər.
Rusiyanın RBK agenltiyinin xəbərinə əsasən, Moskva hava limanlarından şəxsi biznes-jetlərlə uçuşlar bu ilin aprel və iyul arasında 400-dən 850-ə qədər artıb. Özünün şəxsi təyyarəsi olmayan isə onu icarəyə götürür. Bunun üçün icarə şirkətləri “Rosaviasiya”nın bürokratik əngəllərini məlum yollarla aşıb, heç bir çətinlik çəkmədən sənədlər tərtib edə bilirlər.
“Məsələn, Moskvanın şəxsi daşımalar həyata keçirən LCT ("LeadingCharterTechnologies") şirkətinin, başdan ayağa “Gucci” firması ilə geyinən idarə direktoru Lev Şalayev hər gün 50-dən çox sifariş aldığını deyir. Onun sözlərinə görə, bir vaxtlar biznes-klasslarda uçan iş adamları artıq buranı da bəyənmir. İndi onlar Malaqa, Alikante, Barselona kimi bahalı turistik bölgələrə kiçik jetlərə getməyə üstünlük verirlər”, - deyə, məqalədə göstərilib.
13 adamı yolçu edə bilən bu cür təyyarələrdə biletlərin qiymətləri istiqamətdən asılı olaraq 4000 avrodan başlayır. Aviasiya üzrə ekspert Anastasiya Daqayevanın məlumatına görə, varlı ruslar uçuş üçün tibbi səbəbləri əsas göstərirlər.
“Bunun üçün İspaniyanın hansısa klinikasında müalicə aldığını göstərib eyni ölkənin turistik səmtinə getmək olur”, - deyə, o aydınlaşdırıb.
Koronavirus qorxusu imkanlı adamları qısa məsafələrə avtomobillə deyil, helikoperlərlə getmək həvəsinə salıb. Moskvadan 20 km aralıda yerləşən “HeliTech” şirkəti öz müştərilərini rahat otellərdə belə yerləşdirir. Baş direktor Viktor Martınovun dediyinə əsasən, şirkət son 2-3 ayda helikopter satışını 30% artırıb.
“Əvəllər biznesmenlər peşəkar səyahətlərdə və ya zavodlarına getdikləri zaman, tıxaclarda ilişib qalmamaq üçün helikopterlərdən istifadə edirdilər. İndi artıq pərli hava maşınları şəxsi zövqə çevrilib. Bir helikopterin qiyməti 50 min dollardan 1,2 milyon dollara qədər dəyişir”, - deyə, yazıda bildirilir.