Tehranda Sina Athar tibb klinikasında partlayışda 19 nəfər ölüb

İyunun 30-da Tehranın şimalında tibb klinikasında yanğın və partlayışda 19 nəfər ölüb, 14 nəfər yaralanıb.
Fövqəladə xidmət əməkdaşları insidentin dünən axşam 20:46-da Sina Athar klinikasında baş verdiyini, 15 qadın və 4 kişinin vəfat etdiyini bildiriblər.
Yanğın və partlayış klinikanın anbarında baş versə də, binanın yuxarı mərtəbəsində olan ziyarətçilər, xəstələr və əməkdaşlara daha çox ziyan dəyib. IRNA agentliyi tibbi mənbələrə istinadla itkilərin yarıdan çoxunun əməliyyat otaqlarına olan həkim və işçilərdən ibarət olduğunu xəbər verir.
Tehran yanğın departamentinin yerli mediaya bildirməsinə görə, yanğınsöndürənlər dərhal hadisə yerinə gedərək binada qalmış 20-dən çox insanı xilas ediblər.
Yanğının söndürülməsi, bitişik binalara yayılmasının qarşısının alınması iki saat çəkib.
Tehran polisinin rəis müavini Hamid Hedavand-ın sözlərinə görə, ekspertlər, polis detektivləri və yanğın departamentinin təhqiqatçıları insidentin səbəbini araşdırır.
Polis insidentlə əlaqədar “bir neçə nəfərin saxlandığını” açıqlayıb. Onların içində binanın meneceri də var.
Sözçü insidentin ilkin səbəbləri kimi qaz sızmanın və elektrik xəttində nasazlığın nəzərdən keçirildiyini söyləyib.