Məhəmməd Cavad Zərif bəyan edib

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ-ın əvvəlcədən xəbərdarlıq etdiyi mümkün sanksiyalarından qorxmur. Bu barədə o,"The New York Times" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Amerika sanksiyaları şəxsən özünə mənfi təsirini göstərə bilməz, çünki onun xaricdə bank hesabları və əmlakı yoxdur.
Cavad Zərif əlavə edib ki, Vaşinqtonun sanksiyaları tərəflər arasında dialoqun korlanmasına səbəb olub.
İranlı nazir əmin olduğunu bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (Tehranın nüvə proqramı haqqında 2015-cı ilin iyulunda 6 ölkə ilə imzaladığı razılaşma) hələ də keçərli həll yoludur.
"Nüvə razılaşmasında iştirak edən ölkələr müqavilə bağlandığı dörd il bundan qabaq sazişin bütün detalları ilə razı deyildi. Amma hər halda bu sənədi dəstəklədilər. Birgə Hərtərəfli Fəaliyyət Planı çoxlarının iddia etdiyi kimi inam üzərində qurulmamışdı. Əslində, bu saziş ümumi təhlükəsizliyin olmamasının açıq şəkildə tanınmasına əsaslanırdı. Buna görə də, müqavilənin mətni belə çətin və ətraflıdır",-deyə Cavad Zərif vurğulayıb.