ABŞ qətiyyətimizi gördü. Mövlud Çavuşoğlu

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Birləşmiş Ştatlara Ankaraya yeni sanksiyalar tətbiq etməklə bağlı xəbərdarlıq edib. "NTV" bildirir ki, Çavuşoğlu ölkəsinin heç bir halda "S-400" RƏM sistemindən imtina etməyəcəyini deyib.
"ABŞ qətiyyətimizi gördü, "S-400"ləri aldıq. "S-400" mövzusunda qərarlıyıq, geri addım atmayacağıq. ABŞ sanksiya addımı atsa, biz də cavab verəcəyik. Nəticələri nə olursa-olsun, bundan imtina etməyimiz mümkün deyil. ABŞ "Patriotlar" üçün zəmanət verə bilmir. Fransızlar da öz hava müdafiə sistemləri üçün təklif gönəmişdi. Ancaq "S-400"ləri almışıq və Türkiyənin mənfəəti üçün bu addımı atmaq məcburiyyətindəyik",-deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Mövlud Çavuşoğlu həmçinin qeyd edib ki, heç bir ölkə Ankaraya nəyi alıb-almamaq mövzusunda göstəriş verə bilməz: "Bir ölkənin tək başına başqa ölkələrə "al, ya da alma" şəklində göstəriş verməsini qəbul etmirik. ABŞ bu mövqeyindən əl çəkməlidir. ABŞ-ın bu mövqeyindən avropalı tərəfdaşları da çox narahatdır. Birləşmiş Ştatların bunu etməyə heç bir haqqı yoxdur. Siz bir ölkəyə qarşı addım atsanız, o ölkənin də atacağı addımlar var. ABŞ bizə qarşı addım atsa, biz də ona qarşılıq verəcəyik".