Yeni Zelandiyadakı terror

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Yeni Zelandiyadakı terror aktı ilə bağlı İstanbulda keçirilən növbədənkənar yığıncağında iştirak edib. Ərdoğan çıxışı zamanı Ağ Ev rəhbəri Donald Trampın Suriyanın Colan təpələrinə dair son bəyanatını etirazla qarşılayıb.
"Dünən ABŞ Prezidenti Donald Trampın Colan təpələri ilə bağlı uğursuz açıqlaması regionu yeni bir böhranın, yeni bir gərginliyin astanasına gətirib. Colan təpələri 1967-ci ildə İsrail tərəfindən işğal edilərkən, sadəcə, ərəblər yox, türkmanlar da öz doğma torpaqlarından köçməyə məcbur edilib. Türkiyənin və İslam Əməkdaşlıq Təşkilatının bu cür həssas məsələdə səssiz qalması, de-faktolara boyun əyməsi qeyri-mümkündür. Colan təpələrinin işğalının legitimləşdirilməsinə əsla yol vermərik",-deyə Ərdoğan vurğulayıb.