Sintaqmada 130 nəfəri saxlanıb

Makedoniya Respublikasının adının dəyişdirilməsi ilə bağlı Afinada Parlament binası qarşısında keçirilən etiraz aksiyası qarşıdurmalarla nəticələnib. Naftemporiki nəşrinə istinadla verdiyi məlumata görə, nəticədə 150 nəfərə yaxın iştirakçı saxlanılıb.
«Yerli polis paytaxztın mərkəzi meydanı olan Sintaqmada 130 nəfəri saxlayıb. Onlardan 10-u həbs olunub», - deyə məlumatda bildirilir.
Qeyd edək ki, aksiyaçılar baş nazir Aleksis Tsiprasdan Makedoniya Respublikasının adının "Şimali Makedoniya Respublikası" kimi dəyişdirilməsi barədə sənədin ratifikasiyasından imtina etməsini tələb edirlər.
2018-ci ilin iyun ayının ortalarında Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.
Cari ilin yanvar ayında Makedoniya parlamenti ölkənin adını Şimali Makedoniya Respublikasına dəyişdirəcək konstitusiya düzəlişini qəbul edib. 120 yerlik parlamentdə 81 deputat bu dəyişikliyin leyhinə səs verib və beləliklə də dəyişikliyin qəbulu üçün lazım olan üçdə iki çoxluğu əldə olunub. Müxalif VMRO-DPMNE partiyası yanvarın 11-də keçirilən bu səsverməni boykot edib. Makedoniyanın rəsmi adının dəyişdirilməsi bu ölkənin NATO və Avropa İttifaqına üzvlük üçün yolunu açacaq. İndiyədək buna qonşu Yunanıstan mane olurdu. Afina israr edirdi ki, Makedoniya onun qədim tarixi əyalətlərindən birinin adıdır.
Parlament sessiyasının başlanğıcında etdiyi çıxışda baş nazir Zoran Zaev millət vəkillərinə deyib ki, ad dəyişikliyi “Makediyanın Avropa gələcəyinə qapıları açacaq”.
Makedoniyanın ad dəyişikliyi məsələsi həm də qonşu Yunanıstanda ciddi etirazlarla üzləşmişdi. Yeni ad üçün təklif edilən variantlar millətçiləri qane etmirdi. Buna baxmayaraq iki ölkə ötən ilin iyununda ad dəyişikliyi barədə tarixi sazişin imzalanması üçün lazımi siyasi dəstəyi əldə edə bilmişdi.
Makedoniyada isə ad dəyişikliyinə qarşı çıxanlar iddia edirdilər ki, Makedoniyanın adı onun kimlik və tarixini əks etdirdiyindən belə bir dəyişiklik “böyük milli xəyanət” olacaq.
Yunanıstanda isə “Makedoniya” adının hər hansı bir şəkildə saxlanmasına etirazlar vardı. Opponentlər bunu əsas gətirirlər ki, Makedoniya Yunanıstanın şimalındakı vilayətin adıdır və böyük tarixi əhəmiyyətə malikdir.
Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən çox davam edir və bu ziddiyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir.