Səda Başay Yıldıza yenə təhdid məktubu göndərilib

Almaniyada milliyyətcə türk olan vəkil Səda Başay Yıldıza yenə təhdid məktubu göndərilib.
Bu barədə "Süddeutsche Zeitung" qəzeti yazıb. Bildirilir ki, Başay Yıldıza faksla göndərilən ikinci təhdid məktubu da əvvəlki kimi radikal "NSU 2.0" imzasını daşıyır.
Vəkil Başay Yıldızla eyni ünvanda yaşayan atasının, anasının, həyat yoldaşının və uşağının adlarının yer aldığı təhdid məktubunda, "ağlınl itirmiş murdar. Sən polis həmkarlarımıza nə etdiyini başa düşmürsən", şəklində ifadələr qeyd edilib.
Başay Yıldız isə polisin ona silah almağı təklif etdiyini söyləyərək, "peşəmi icra edə bilmək üçün Almaniyada silahmı daşıyacağam?", - deyə sual edib.
Polisin xalqı qorumaq vəzifəsi olduğunu vurğulayan Başay Yıldız ailəsiylə bağlı ünvan və şəxsi məlumatların asan şəkildə internetdən əldə edilməsinin mümkün olmadığını deyib.
Qeyd edək ki, vəkil ötən ilin avqust ayında da təhdid məlumatı almışdı. Həmni vaxt onun şəxsi məlumatlarının Frankfurtdakı polis bölməsindəki bir kompüterdən göndərildiyi müəyyən edilmişdi.
Vəkilin şəxsi məlumatlarına baxış zamanı kompüterə girişi olan polis məmurlarının internetdə yaratdıqları qrupda bir-birinə svastika və Hitlerin fotoşəkilləri ilə irqçi mesajlar göndərdiyi müəyyən olunmuş, haqqında cinayət işi açılan 5 polis müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılmışdı.
Səda Başay Yıldız Almaniyada 2000-2007-ci illərdə 8-i türk olmaqla 10 nəfəri öldürən, bombalı hücumlar təşkil edən və bank qarətlərini həyata keçirən NSU terror təşkilatı məhkəməsində 2000-ci ildə öldürülən Ənvər Şimşekin ailəsinin vəkili olub.