Hamed əl-Sani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun dəvətini qəbul etməyib.

Qətər əmiri Şeyx Təmim bin Hamed əl-Sani Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudun dəvətini qəbul etməyib. Qətər əmiri Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) 39-cu sammitinə qatılmayıb.
Kral Salman şəxsən Qətər əmirini konfransda iştirak üçün ölkəsinə çağırsa da, əl-Sani xarici işlər üzrə müşaviri Sultan bin Səəd əl-Mirrixini göndərib.
KƏŞ-in iclası zamanı Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd Ali Xəlifə Qətər əmirinin toplantıya gəlməməsinə etiraz edib: "Mən Riyadda xeyr və birlik iclasında iştirak edirəm. Yaxşı olardı ki, Qətərin əmiri bizim ədalətli istəklərimizi qəbul edib bu iclasda iştirak edərdi".
Bəhreynin XİN rəhbərinin atmacasına Qətərin XİN-nin sözçüsü Əhməd bin Səid ər-Rəmihi Tvitter səhifəsində belə cavab verib: "Qətər öz iradə və qərarlarında müstəqildir. Bizim əmir Küveyt iclasında iştirak edərkən Qətəri mühasirə edən ölkələrin rəhbərləri həmin iclasa qatılmamışdı. Bu baxımdan Qətərin başqalarından asılı olan ölkələrin nəsihətinə ehtiyacı yoxdur".