Salman cəzalandırılmalıdır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sanksiya tətbiq olunmasa və nəzarət olunmasa, o, ABŞ-ın Yaxın Şərqdəki maraqlarına ziyan vurmaqda davam edəcək. Bu barədə "Vaşinqton Post" qəzeti yazıb.
Nəşr iddiasına görə, Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının ölümündən əvvəl və sonrakı saatlarda, cinayəti törədən dəstəyə nəzarət edən müşavir Səud əl-Kəhtaniyə ən azı 11 mesaj göndərib. Bu mesajlar arasında "öldürün əmrini"nin olması isə istisna deyil.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp vəliəhd şahzadə Məhəmməd ibn Salmanın Qaşıqçı cinayətini sifariş verməsi ilə bağlı "birbaşa dəlil" və ya "qəti bir dəlil" olmadığını deyib.
"Bəli, ortada doğrudan bir dəlil olmaya bilər, amma istənilən məntiqli analiz göstərir ki, vəliəhd şahzadə bu işin səbəbkarıdır. Tramp rəhbərliyinin bunu rədd etməsi, Səudiyyə Ərəbistanına qarşı inkar siyasəti yürütməsini ortaya qoyur",-deyə "Vaşinqton Post" qəzeti vurğulyır.
Amerikada dərc olunan qəzet həmçinin konqresi qanun layihəsi qəbul edərək Səudiyyə Ərəbistanı rəhbərliyini cəzalandırmağa çağırıb: "Hər bir partiyanın dəstək verdiyi qanun layihəsi Səudiyyə rəhbərliyində Qaşıqçı cinayətilə əlaqəli bütün şəxslərə sanksiya tətbiq olunmasını və Səudiyyəyə bütün hərbi satışların təxirə salınmasını tələb edir".