Silah müqaviləsi - 15 milyard dollar

Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar arasında Amerika istehsalı olan THAAD raket hücumlarından müdafiə kompleksinin alınması üçün 15 milyard dollar dəyərində müqavilə imzalanıb.
Bu barədə TASS ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, sözügedən razılıq əsasında Səudiyyə Ərəbistanına 44 THAAD qurğusu, 360 raket, 16 idarəetmə mərkəzi və bu kompleks üçün 7 radar verəcək.
"Birləşmiş Ştatlar ölkəmizin maraqlarının təmin olunması məqsədi ilə Səudiyyə Ərəbistanının etibarlı tərəfdaşı olaraq qalmaq niyyətindədir, eləcə də İsrailin və regiondakı digər ölkələrin", - Dövlət Departamentindən bildirilib.
Xatırladaq ki, oktyabrda ABŞ prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq silah satışı üzrə sövdələşmənin ləğv etməyəcək.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın adı Amerikanın "Vaşinqton Post" qəzetinin jurnalisti Camal Qaşıqçının öldürülməsində hallandırılmışdı. Belə ki, onun ABŞ-dakı Səudiyyə səfirinə zəgn vuraraq Qaşıqçı məsələsini bitirməsi barədə tapşırıq verdiyi ortaya çıxıb. Onun bu tapşırığından sonra isə Səudiyyənin Türkiyədəki Baş Konsulluğuna gələn Qaşıqçı bir daha oradan bayıra çıxmayıb. Onun konsulluq binasında doğranaraq kanalizasiya quyusuna atıldığı bildirilir.
Bundan əlavə, Səudiyyə Ərəbistanının koalisiya yaradaraq Yəməndə də dinc xalqa divan tutması göz qabağındadır. Belə ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
Bu cür hadisələrin fonunda ABŞ rəhbərliyinin Səud rejimi ilə yeni silah müqaviləsi imzalaması suallar doğurur.