9 il prezident olsam da, heç nəyim yoxdur

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, onun əmlakının miqdarı mövcud deputatların əmlakından daha azdır. Bu barədə "RİA Novosti" məlumat yayıb.
"Mən o şəxsəm ki, təxminən doqquz il prezident olmuşam və heç nəyim yoxdur. Məni dünyanın tanıdığına baxmayaraq əmlakım "Beseli və Sesisaşvilinin (Gürcüstan parlamentinin deputatları) əmlakından 10 dəfə azdır",-deyə Mixail Saakaşvili əlavə edib.
Gürcüstanın sabiq dövlət başçısının sözlərinə görə, məhkəmə ədalətsizliyini özündə sınaqdan keçirib: "Nənəm bax beləcə öldü, onun hesabları, o cümlədən 16 yaşlı Honda həbsdə idi. Mənim yeganə mülküm olan anamın evinə də həbs qoyulub".
Qeyd edək ki, 2014-ci ildə Gürcüstanın Baş Prokurorluğu sabiq prezident, onun həyat yoldaşı, ana və nənələrinə məxsus daşınan və daşınmaz əmlaka dövlət vəsaitinin mənimsənilməsi ittiham üzrə həbs qoyub.