Rusiya NATO-nu təhdid etdi: hərbi cavab verəcəyik

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, NATO-nun ölkə sərhədlərində hərbi varlığını artırmaq cəhdlərinə mütləq cavab veriləcək. Sergey Lavrov bu barədə Madriddə ispan həmkarı Josep Borrell ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.
"Qərb qonşularımızın Rusiya sərhədlərində hərbi baza açmaq və varlığını artırmaq istiqamətindəki addımları hərbi cavabsız qalmayacaq. Bu, Rusiyanın təhlükəsizliyini ciddi təhdid edir və yeni ölkələrin ərazisində daimi olaraq hərbi qüvvələr yerləşdirilməsinin qarşısını almaq üçün imzalanan Rusiya-NATO razılaşmasını pozur",-deyə Lavrov əlavə edib.
Rusiyanın gərginliyi artırmaq istəmədiyini qeyd edən Lavrov, ordular arasında dialoq qurulmasının lazım olduğunu, ancaq NATO-nun bundan qaçdığını və günlərin birində hərbi alyansı Rusiya ilə dialoq qurmaq məcburiyyətində qoyacaqlarını bildirib.