ABŞ batmış gəmini və 6 il əvvəl iflas olmuş bankı da sanksiya siyahısına salıb
ABŞ Maliyyə Nazirliyinin açıqladığı embarqo siyahısına əlavə olunan İrana məxsus "Sançi" adlı batmış gəmi siyahıda "Gardenia", "Seahorse", "Sepid" adları ilə də göstərilib.
İranda 2009-cu ildə da yaradılan və üç il sonra iflas olan "TAT" bankının adı da sanksiya siyahısında yer alıb.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif məsələyə dair tvitter hesabından yayımladığı açıqlamada, "batmış gəmi ilə 6 il əvvəl bağlanan banka sanksiya tətbiq olunması Vaşinqtonun acizliyinin göstəricisidir", - deyə bildirib.
Zərif ABŞ-ın sanksiya siyahısını genişləndirmək üçün adi vətəndaşları da embarqolar dairəsinə aldığını vurğulayıb.
Xatırladaq ki, İrandan Cənubi Koreyaya neft daşıyan "Sançi" adlı neft tankeri 6 yanvar 2018-ci ildə Çinin sahillərində Honq Konqun "CF Kristal" adlı yük gəmisi ilə toqquşmuş və gəmidəki 30 iranlı həlak olmuşdu.
ABŞ-ın dünəndən etibarən başlayan sanksiya paketinin ikinci mərhələsi çərçivəsində 50 İran bankı ilə 700-dən çox şirkət və mülki vətəndaşlar da sanksiya siyahısına əlavə edilib.










