Donald Tramp ağıllı adamdır
Rusiyanın XİN rəhbəri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın ağıllı adam olduğunu, Rusiya ilə münasibətləri inkişaf etdirmək istədiyini bildirib.
Lavrov İspaniyanın "Əl-Pais" qəzetində verdiyi müsahibədə, Trampın Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün fərqli müstəvilərdə fəaliyyət göstərdiyini xatırladıb.
Trampın ABŞ-Rusiya arasında dialoqu daha yaxşı hala gətirmək və müxtəlif məsələlərdə təmas nöqtələri tapmaq istədiyini deyən Lavrov, "ABŞ prezidenti Tramp ağıllı adamdır. ABŞ-ın maraqları onun üçün ilk sırada yer alsa da, Rusiya ilə sabit və proqnozlaşdırılan iş birliyinin amerikalılar üçün nəticəsiz münaqişələrin davam etdirilməsindən daha faydalı olduğunu anlayır", söyləyib.
Lavrov həmçinin Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasının Vaşinqtondakı siyasətçilərin aktiv şəkildə "Rusiya kartı"ndan istifadə etməsindən zərər gördüyünü də vurğulayıb.
Suriyada Rusiya ilə İsrail arasındakı təhlükəsizlik əlaqələri haqqında da danışan Lavrov, Suriyada aparılan hərbi əməliyyatlarda Rusiya ordusunu xəbərdar etmək barədə İsrailin hər zaman öhdəliklərini yerinə yetirmədiyinə diqqəti çəkib.
Keçən ilin martında İsrail təyyarələrinin Palmiranı bombalaması zamanı Rusiya əsgərlərinin həyatını təhlükəyə atdığını xatırladan Lavrov, ölkəsinin hər səviyyədə bu vəziyyətin faciəli nəticələrə səbəb ola biləcəyi xüsusunda İsraili xəbərdar etdiyini, buna baxmayaraq, İsrail ordusunun hava hücumlarını davam etdirdiyini bildirib.
Lavrov həmçinin sentyabrda Rusiya kəşfiyyat təyyarəsi İl-20-nin vurulduğunu və 15 rus əsgərinin həlak olduğunu da xatırladıb.










