ABŞ dövlət katibi İrana qarşı sanksiyalar barədə
ABŞ rəhbərliyi 2015-ci ildə nüvə müqaviləsi çərçivəsində qismən ləğv etdiyi İran sanksiyalarının yenidən tətbiqinə başlayıb. Sanksiyaların ikinci və son paketi Bakı vaxtı ilə saat 09.01-dən etibarən rəsmən qüvvəyə minib.
İran Milli Neft Şirkətinin beynəlxalq fəaliyyətlərini məhdudlaşdıracaq sanksiyalarla ölkə iqtisadiyyatına zərbə vurmağı qarşısına məqsəd qoyan ABŞ rəhbərliyi, xarici maliyyə təşkilatların İran Mərkəzi Bankı və digər banklarla əməliyyat aparmamasını da sanksiyalara daxil edib.
Bundan başqa, banklar arasında beynəlxalq fond transferlərini həyata keçirən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sisteminin embarqo tətbiq olunan bütün İran maliyyə qurumlarına bağlanmaması halında ABŞ-ın sanksiyalarına məruz qalacağı bildirilir.
Bu gün həyata keçən ikinci sanksiya paketi çərçivəsində ölkənin limanları, zavodları və dəniz nəqliyyatı sektoru embarqoya daxil edilib. İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), İran Cənub Gəmiçilik Xətti Şirkəti və ona aid qurumlar ABŞ Maliyyə Nazirliyinin qara siyahısına əlavə olunub.
ABŞ rəhbərliyi ötən cümə günü İrandan neft idxalını azaltmaqla yanaşı tamamilə dayandırmayan 8 ölkəyə sanksiyalara görə müvəqqəti sərbəstlik verəcəyini bildirmişdi. Türkiyə sözügedən 8 ölkə sırasına daxildir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo "Fox News" telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı sanksiyalarından danışıb. ABŞ rəsmisi sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib.
"Maliyyə Nazirliyinin Departamenti sanksiyalar siyahısına İranın 600-dən çox fiziki şəxsini və şirkətini daxil edəcək. Onlar İranın davranışına təsir etməli olacaqlar. Bu, bizim ümidlərimizdir. Bu, prezident Tramp tərəfindən keçirilən siyasətin səbəbidir", - deyə Pompeo vurğulayıb.
Pompeo daha əvvəl ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin qeyd etdiyi rəqəmdən aşağı rəqəm açıqlayıb. S.Mnuçin sanksiya siyahısına İranın 700-dən çox fiziki və hüquqi şəxsin salınacağını bildirib. Onlardan bəzilərinin adları ABŞ-ın əvvəlki sanksiyalar siyahısında olmayıb.
"Biz artıq İranın gündəlik milyon bareldən çox xam neftinin ixracını azaltdıq. Bu say (İran neftinin çatdırılması) sonra da azalacaq. Bir neçə ölkə artıq neft ixracını əhəmiyyətli dərəcədə azaltdı. Sıfıra çatmaq üçün bir az daha çox vaxt lazımdır", - deyə dövlət katibi qeyd edib.










