Camal Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.
Türkiyə rəhbərliyi Birləşmiş Ştatlara çatdırıb ki, əlində səudiyyə ərəbistanlı jurnalist Camal Kaşıkçının (Kaşukî) ölümünü təsdiq edən sübutlar var. Bu barədə ABŞ və Türkiyə rəsmilərinə istinadən "The Washington Post" məlumat yayıb.
Ankaranın malik olduğu səs yazızı və görüntülərdən müəyyən etmək olur ki, Camal Kaşıkçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.
"Siz ərəbcə danışan kişinin səsini eşidə bilərsiniz. Siz ona necə işgəncə verilməsi, əzab çəkməsi və öldürülməsinin şahidi ola bilərsiniz",-deyə qəzetdə yazılıb.
Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.
Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.










