Tramp Kaşıkçının nişanlısını Ağ Evə çağırdı
ABŞ prezidenti Donald Tramp 2 oktyabrdan bu yana yoxa çıxan səudiyyə ərəbistanlı jurnalist Camal Kaşıkçı (Kaşukî) ilə bağlı çıxış edib. Tramp çıxışı zamanı deyib ki, bu mövzunu səudiyyəli rəsmilərlə müzakirə edib və qarşı tərəfdən cavab gözləyir.
Donadl Tramp "Washington Post" yazarı Camal Kaşıkçının oğurlanması barədə xəbər verən nişanlısı Xədicə Çingizi də Ağ Evə çağırıb: "Türkiyə ilə yaxın əməkdaşlıq edirik, sonuna qədər gedəcəyik. Camal Kaşıkçının nişanlısını Ağ Evdə görmək istəyirəm".
Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.
Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.










